Get Adobe Flash player

Avrasiya Akademiyasının İkinci Rəsmi Məclisi

Məclis Avrasiya Akademiyasına yeni üzv seçilmiş məşhur sənətçilər Robert Hosseinə (Fransa) və Türkan Şoraya (Türkiyə) akademiyanın diplomu və kubokunun təqdim olunmasına həsr edilmişdi.

Noyabrın 17-də Xəzər Universitetinin Mərmər salonunda Avrasiya Akademiyasının ikinci rəsmi məclisi keçirildi. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, hökumət və Milli Məclis üzvləri, xarici ölkələrin Azərbaycandakı  səfirləri, elm və sənət xadimləri, şirkət rəhbərləri, xarici qonaqlar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Akademiyanın yeni seçilmiş üzvləri Robert Hossein və Türkan Şoray salona daxil olanda  iştirakçılar onları ayaq üstə gurultulu alqışlarla qarşıladılar. Bildirildi  ki,  akademiyaya üzv seçilmiş professor Roald Sagdeev üzürlü səbəbdən məclisdə iştirak edə bilmir.

İştirakçılara Avrasiya Akademiyasının iki üzvünün – professor Halil İnalcık və professor Ali Cavanın bu yaxınlarda vəfat etdikləri bildirildi və onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aparıcılar Günay Səmədova və Eynur Mehdiyev universitet rəhbərliyi adından iştirakçıları salamladılar. Sonra Avrasiya Akademiyasının qurulma ideyası, yaranması və birinci toplantısı, Robert Hossein və Türkan Şoray haqqında filmlər nümayiş etdirildi.

Daha sonra Avrasiya Akademiyasl diplomunun və “Avrasiya Əfsanəsi” kubokunun təqdim olunması mərasimi başlandı. Robert Hosseinə diplom və kuboku Avrasiya Akademiyasının qurucu üzvləri Arif Məlikov və Hamlet İsaxanlı, həmçinin Fransanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aurelia Bouchez, Türkan Şoraya Arif Məlikov,  Hamlet İsaxanlı və Türkiyenin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral təqdim etdilər. Qeyd olundu ki, Türkan Şoray  Avrasiya Akademiyasına üzv seçilən və “Avrasiya Əfsanəsi”ni alan ilk qadındır.

Aparıcılar bildirdilər ki, Avrasiya Akademiyasının qurucu üzvlərindən professor Lüfti Zadə və professor Məhmut Gazi Yaşargil ikinci rəsmi məclisdə iştirak etmək üçün Bakıya gələ bilmədiklərinə görə, yeni seçdikləri üzvlərə öz təbriklərini göndərmişlər.

Tədbirin fasiləsində Xəzər Universitetinin kamera orkestri qısa konsert proqrqmı ilə çıxış etdi.

Mərasim Xəzər Universiteti internet televiziyası ilə canlı yayımlanmış, Azərbaycan və Türkiyə mediasında geniş işıqlandırılmışdır.

Avrasiya Akademiyasının kitab-albomu çap olundu

Avrasiya Akademiyasının nəfis tərtibatla hazırlanmış “ Həqiqət və gözəllik eşqi” kitab-albomu iyul ayında çapdan çıxmışdır. Kitab-albom 4 əsas başlıqlardan- Tarixdə Akademiyalar, Avrasiya Akademiyası. Həqiqət və gözəllik eşqi, Avrasiya Akademiyasının mükafat və rəmzləri və Avrasiya Akademiyasının ictimaiyyətə təqdimat mərisimi olmaqla 118 səhifədən ibarətdir. Kitab-albomun tərtibatçısı Avrasiya Akademiyasının qurucu üzvü, Xəzər Universitəsinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının Sədri, pof. Hamlet İsaxanlı, korrektoru Martha Lawry, dizayneri Afaq Kərimovadır. Kitab-albomun komputor işi Zakir Yusifoğlu tərəfindən həyata keçirilmişdir. Kitab-albom Türkiyə və Azərbaycanda müvafiq qurumlara göndərilmişdir.

o_1apsru4dk38i10abd2q89cneka

Osmanlı tarixçisi, Avrasiya Akademiyasının qurucu üzvü , prof. Halil İnalcık rəhmətə getdi

25 iyul 2016-cı il tarixində Böyük Osmanlı Tarixçisi, Avrasiya Akademiyasının qurucu üzvü, Bilkent Universitəsinin professoru Halil İnalcık axşam saatlarında Ankarada rəhmətə getdi. Elə həmin gün Avrasiya Akademiyasının qurucu üzvü, Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri, prof. Hamlet İsaxanlı Ankaraya rəsmi Başsağlığı məktubu göndərdi. Məktubda deyilir: “Osmanlı Tarixinin böyük ustadı, Avrasiya Akademiyasının qurucu üzvü , böyük insan, prof. Halil İnalcık allahın rəhmətinə qovuşmuşdur. H.İnalcık dəyərli əsərləri ilə əbədi qəlbimizdə yaşayacaqdır. Məkanı cənnət olsun”. 27 iyul 2016-cı il tarixində Ankarada, Bilkent universitəsində mərhumla vida mərasimi keçirildi. Mərasimdə Türkiyə Böyük Millət Məclisinin Başkanı İsmayıl Kahraman, Türkiyə Parlamentində təmsil olunan partiya sədrləri, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri və Xəzər Universitəsinin Türkiyə təmsilciləri Hüseyin Ayhan və Murat Yaşar Ekinci iştirak etdilər. Onlar Avrasiya Akademiyasının qurucu üzvü, Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. Hamlet İsaxanlının rəsmi məktubunu dəfn komissiyasına təqdim etdilər və Hamlet İsaxanlının adından hazırlanmış əklili cənazə önünə qoydular. Halil İnalcık 28 iyul 2016-cı il tarixində İstanbulda Karaca Ahmet məzarlığında dəfn edildi.

Avrasiya Akademiyası videosu

Avrasiya Akademiyasının rəsmi açılışı (29 yanvar 2016) və “Avrasiya Əfsanəsi” kubokunun təqdim olunması mərasimi.

 

Avrasiya Akademiyasının rəsmi açılışı və “Avrasiya Əfsanəsi” kubokunun təqdim olunması mərasimi

Yanvarın 29-da  Xəzər Universitetinin Mərmər salonunda Avrasiya Akademiyasının rəsmi açılışı və “Avrasiya Əfsanəsi” kubokunun təqdim olunması mərasimi keçirildi.  

Mərasimdə Avropa, Asiya və Amerkanın müxtəlif ölkələrindən qonaqlar, görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri, elm və təhsil təşkilatçıları, hökumət və Milli Məclis üzvləri, səfirlər, şirkət başçıları və media mənsubları iştirak edirdilər. Mərasim Xəzər Universitetinin internet televiziyası və internet radiosu ilə canlı yayımlanırdı.

Mərasimdə qurucu üzvlərin üçü – professor Mahmut Gazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı iştirak edirdilər. 100 yaşlı professor Halil İnalcık və 95 yaşlı professor Lutfizadə hərəkət məhdudiyyətlərinə görə bu məclisdə iştirak edə bilmirdilər. Açılış mərasimindən əvvəl Avrasiya Akademiyasının digər qurucu üzvləri onları ziyarət etmək, Avrasiya Akademiyasının qurucu üzvü kimi onları mükafatlandırmaq üçün  Kaliforniyaya, Berkeley universitetinə və Ankaraya,  Bilkent Universitetinə səfər etmişdilər. Onlara “Avrasiya Əfsanəsi” kuboku və diplom təqdim olunmuşdu.

Mərasim Xəzər Universitetinin Kamera orkestrinin kiçik konsertindən sonra  elm tarixi, Avrasiya Akademiyası və onun qurucuları haqqında  filmin nümayişi ilə başlandı.

Sonra Avrasiya Akademiyasının mərasimdə iştirak edən üç qurucu üzvünə “Avropa Əfsanəsi” kuboku və akademiyanın qurucusu sənədi təqdim olundu. Professor Mahmut Gazi Yaşargilə kuboku və sənədi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli və Türkiyə  Cümhüriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun, bəstəkar Arif Məlikova Moldova Elmlər Akademiyasının Humanitar və İncəsənət Elmləri bölməsinin sədri Viktor Tsvirkun və TUBİTAK-ın, Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu başkan yardımcısı  Orxan Hasekioglu, professor Hamlet İsaxanlıya Gürcüstan Milli Elmlər Akademiyasının üzvü Nodar Mıtagvarıa və Türkiye Sağlık Enstitüleri Başkanı, Turkiye Cümhüriyyətinin Milli Elmlər Akademiyasının  üzvü Fahrettin Keleştimur təqdim etdilər.

Sonra Avrasiya Akademiyasının ünvanına təbrik göndərmiş təsisatlar elan olundu:

Kral Muhendislik Akademiyası (Boyuk Britaniya Birləşmiş Kralligi); Britaniya Akademiyası; Edinburq Kral Cəmiyyəti; Milli Elmlər Akademiyası (ABŞ); Milli Mühəndislik Akademiyası (ABŞ); Rusiya Elmlər Akademiyası; Lincei Milli Akademiyası (Italiya); İsvec Kral Elmler Akademiyası; İsveçrə İncəsənət və Elmlər Akademiyası; Belcika Kral Elm və Sənət Akademiyası; Elmlər Akademiyası, Fransa İnstitutu; Acatech – Milli Elm ve Muhəndislik Akademiyası (Almaniya); Max Planck Cemiyyeti (Almaniya); “Leopoldina” Alman Milli Elmlər Akademiyasi; Avstriya Elmlər Akademiyası; Macarıstan Elmlər Akademiyasi; Çex Elmlər Akademiyası; Latviya Elmlər Akademiyası; Estoniya Elmlər Akademiyası; Hind Elmlər Akademiyası; Pakistan Elmlər Akademiyası; İran İslam Respublikası Elmlər Akademiyası; İslam Dunyası Elmlər Akademiyası; İslam Tarixi, İncəsənəti və Mədəniyyətini araşdıran İslam Əməkdaşlıq Araşdırma Mərkəzi  (İstanbul, Türkiyə); Çin Muhəndislik Akademiyası; Milli Elmlər Akademiyası (Koreya Respublikasi); Yaponiya Akademiyası; Dünya Elmlər Akademiyası; Dünya İncəsənət və Elmlər Akademiyası. 

Təbrik məktublarından biri –  İsveçrə İncəsənət və Elmlər Akademiyasının Prezidenti Dr. Maurice Campagna`nın  məktubu iştirakçıların nəzərinə çatdırıldı:

 

Zati-aliləri1

Xanımlar və cənablar !

Hörmətli həmkarlar !

Avrasiya Akademiyasının açılışı münasibətilə təbrik göndərmək mənim üçün böyük bir şərəf və zövqdür. Təəssüf edirəm ki, bu vacib mərasimdə mən şəxsən iştirak edə bilmirəm. Buna səbəb 2016 – cı ilin əvvəlində mənim İsveçrə İncəsənət və Elmlər Akademiyasının  yeni  prezidenti kimi  səlahiyyətlərimin  başlamasıdır.

Bu gün Avrasiya Akademiyasının  yaranması çox vacibdir və böyük  perspektiv  vəd edir. Qurumun  yaranmasında əzm göstərən, müxtəlif ölkələrdən olan beş görkəmli şəxsiyyətin  rolu böyükdür. Mən şəxsən onlara və sizin hamınıza təhsil sahəsinə, tədqiqat və innovasiyalara yardım etmək üçün göstərdiyiniz bu cəhddə böyük uğurlar arzu edirəm.

 Sonda, ən əsası, bizim missiyamız akademik muxtariyyətin və azadlığın əhəmiyyətli olduğunu əks etdirir. Dövlətin elmi müəssisəyə müdaxiləsi rast gəlinən və uzaq olunması gərəkən ümumi bir təhlükədir. Bu nəcib məqsəd dünyanın, İsveçrə də daxil olmaqla, əksər milli konstitusiyalarının təməlini təşkil edir.

Bu fikirlərlə Bakıda sizin hamınızla xoş bir görüş arzu edirəm və Avrasiya Akademiyasının uğurlarının davamını  gözləyirəm.

 

Təbrik teleqramlarının elanı başa çatdıqdan sonra qonaqlara söz verildi. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Moldova Elmlər Akademiyasının Humanitar və İncəsənət Elmləri bölməsinin sədri Viktor Tsvirkun, TUBİTAKın, Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu başkan yardımcısı  Orxan Hasekioglu, Türkiye Sağlık Enstitüleri Başkanı və Turkiye Cümhüriyyətinin Milli Elmlər Akademiyasının  üzvü Fahrettin Keleştimur, Gürcüstan Milli Elmlər Akademiyasının üzvü Nodar Mıtagvarıa, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli çıxış etdilər.

Mərasimdə Avrasiya Akademiyasının qurucu üzvləri akademiyanın  ilk üzvünü seçdiklərini bildirdilər. Söz professor Hamlet İsaxanlıya verildi. O, ABŞ vətəndaşı Əli Cavanın üzv seçildiyini elan etdi və onun elmi fəaliyyəti haqqında məlumat verdi. Əli Cavan səhhəti ilə əlaqədar olaraq iştirak etmədiyinə görə “Avrasiya Əfsanəsi” kuboku və diplom rəmzi olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr üzrə başçısı Stefen Qaysa təqdim olundu.

Xəzər Universiteti adından Avrasiya Akademiyasına hədiyyə  –   Xəzər Universiteti Mədəniyyət mərkəzində mərkəzin direktoru, xalçaçı rəssam Afaq Kərimovanın dizaynı və rəhbərliyi altında tələbə və müəllimlər tərəfindən hazırlanmış “Nizami xalçası” qurucu üzvlərə təqdim edildi.

Sonra Avrasiya Akademiyasının yaranmasında xidmətlərinə görə Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayevaya və Avrasiya Akademiyasının kubok və medallarının dizaynının müəllifi xalçaçı rəssam Afaq Kərimovaya təşəkkür elan olundu.

Beləliklə,  Azərbaycanın və müxtəlif ölkələrin görkəmli elm xadimlərinin iştirakı ilə tarixi hadisə  baş verdi: Avrasiya Akademiyası ictimaiyyətə təqdim olundu, fəaliyyətə başladı.

Avrasiya Akademiyasının rəsmi açılışı və “Avrasiya Əfsanəsi” kubokunun təqdim olunması mərasimi ölkə mediasında, həmçinin Türkiyənin TRT-1 və TRT avaz kanallarında geniş işıqlandırılmışdır.

Avrasiya Akademiyası rəsmi açılışı və “Avrasiya Əfsanəsi” təqdimat mərasimi olacaq

2016-ci il yanvarın 29-u saat 16:00-da Xəzər Universitetinin “Neftçilər” kampusunun “Mərmər” zalında Avrasiya Akademiyasının rəsmi açılış mərasimi və “Avrasiya Əfsanəsi” mükafatının təqdimatı keçiriləcək. Mərasimdə Azərbaycan, Türkiyə, ABŞ, İsveçrə, Moldova və digər ölkələrinin nümayəndələrinin iştirakı gözlənilir.

Tədbir canlı yayımda efirə veriləcək!  Bu saytda izləyin:

http://radio.khazar.org/khazar-university-tv/

Anons burda baxa bilərsiniz:

 

Türkiyədə təqdimat mərasimi

2015-ci il noyabrın 24-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyənin Ankara şəhərində oldu, Bilket Universitetində Osmanlı İmperiyası tarixinin əsas tədqiqatçılarından biri olan professor Halil İnalcık ilə görüşdü. Sonra Bilket Universitetinin Mithat Çoruh Amfi konsert salonunda Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Bağırovun iştirakı ilə Avrasiya Akademiyasının (Azərbaycan) təntənəli təqdimat mərasimi keçirildi. Tədbirdə Avrasiya Akademiyasının qurucu üzvləri, professor Hamlet İsaxanlı və Azərbaycanın xalq artisti, bəstəkar Arif Məlikov “Avrasiya əfsanəsi”ni digər Avrasiya Akademiyasının qurucu üzvü Halil İnalcika təqdim etdilər.

Mərasimdə xatirə şəkillər çəkildi, həmçinin yaxın gələcəkdə Bakıda keçiriləcək Avrasiya Akademiyasının rəsmi açılış mərasimində göstəriləcək çarx üçün çəkiliş aparıldı.

Mərasimdən sonra Hamlet İsaxanlı və Faiq Bağırov görüşdülər və Azərbaycan-Türkiyə əlaqələri məsələlərini müzakirə etdilər.

Görüşdə Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının Humanitar və təşkilatçılıq işləri üzrə müşaviri Nailəxanım İsayeva və İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak etdilər.

Amerikada Avrasiya Akademiyasının qurucu üzvü ilə görüş

2015-ci ildə 5 noyabrda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prof. Hamlet İsaxanlı Kaliforniyanın Berkli şəhərində oldu, azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin evində həmin alim ilə görüşdü. Hamlet İsaxanlı və Lütfi Zadə Avrasiya Akademiyasının 5 qurucu üzvlərinin ikisidirlər. Görüşdə Azərbaycanda təhsil, Avrasiya Akademiyasının fəaliyyəti və digər məsələlər müzakirə olundu. Avrasiya Akademiyası tərəfindən H.İsaxanlı Lütfi Zadəyə Avrasiya Akademiyasının “Avrasiya əfsanəsi” mükafatını təqdim etdi. Xatirə şəkillər çəkildi, həmçinin yaxın gələcəkdə təşkil olunacaq Avrasiya Akademiyasının rəsmi açılış mərasımında göstəriləcək çarx üçün çəkiliş aparıldı. L.Zadə Azərbaycanın gələcəyi, Avrasiya Akademiyasının uğurlu başlanması üçün ümidlərini ifadə etdi.

Təsisçilərinin görüşü

2015-ci il oktyabrın 10-da Avrasiya Akademiyasının beş təsisçilərindən ikisi –professor Halil Inalcık və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Ankarada görüşdülər. Avrasiya Akademiyasının inkişafı və qarşıda duran tədbirləri müzakirə olundu.