Get Adobe Flash player

Avrasiya Akademiyasının rəsmi açılışı və “Avrasiya Əfsanəsi” kubokunun təqdim olunması mərasimi

Yanvarın 29-da  Xəzər Universitetinin Mərmər salonunda Avrasiya Akademiyasının rəsmi açılışı və “Avrasiya Əfsanəsi” kubokunun təqdim olunması mərasimi keçirildi.  

Mərasimdə Avropa, Asiya və Amerkanın müxtəlif ölkələrindən qonaqlar, görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri, elm və təhsil təşkilatçıları, hökumət və Milli Məclis üzvləri, səfirlər, şirkət başçıları və media mənsubları iştirak edirdilər. Mərasim Xəzər Universitetinin internet televiziyası və internet radiosu ilə canlı yayımlanırdı.

Mərasimdə qurucu üzvlərin üçü – professor Mahmut Gazi Yaşargil, bəstəkar Arif Məlikov və professor Hamlet İsaxanlı iştirak edirdilər. 100 yaşlı professor Halil İnalcık və 95 yaşlı professor Lutfizadə hərəkət məhdudiyyətlərinə görə bu məclisdə iştirak edə bilmirdilər. Açılış mərasimindən əvvəl Avrasiya Akademiyasının digər qurucu üzvləri onları ziyarət etmək, Avrasiya Akademiyasının qurucu üzvü kimi onları mükafatlandırmaq üçün  Kaliforniyaya, Berkeley universitetinə və Ankaraya,  Bilkent Universitetinə səfər etmişdilər. Onlara “Avrasiya Əfsanəsi” kuboku və diplom təqdim olunmuşdu.

Mərasim Xəzər Universitetinin Kamera orkestrinin kiçik konsertindən sonra  elm tarixi, Avrasiya Akademiyası və onun qurucuları haqqında  filmin nümayişi ilə başlandı.

Sonra Avrasiya Akademiyasının mərasimdə iştirak edən üç qurucu üzvünə “Avropa Əfsanəsi” kuboku və akademiyanın qurucusu sənədi təqdim olundu. Professor Mahmut Gazi Yaşargilə kuboku və sənədi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli və Türkiyə  Cümhüriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun, bəstəkar Arif Məlikova Moldova Elmlər Akademiyasının Humanitar və İncəsənət Elmləri bölməsinin sədri Viktor Tsvirkun və TUBİTAK-ın, Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu başkan yardımcısı  Orxan Hasekioglu, professor Hamlet İsaxanlıya Gürcüstan Milli Elmlər Akademiyasının üzvü Nodar Mıtagvarıa və Türkiye Sağlık Enstitüleri Başkanı, Turkiye Cümhüriyyətinin Milli Elmlər Akademiyasının  üzvü Fahrettin Keleştimur təqdim etdilər.

Sonra Avrasiya Akademiyasının ünvanına təbrik göndərmiş təsisatlar elan olundu:

Kral Muhendislik Akademiyası (Boyuk Britaniya Birləşmiş Kralligi); Britaniya Akademiyası; Edinburq Kral Cəmiyyəti; Milli Elmlər Akademiyası (ABŞ); Milli Mühəndislik Akademiyası (ABŞ); Rusiya Elmlər Akademiyası; Lincei Milli Akademiyası (Italiya); İsvec Kral Elmler Akademiyası; İsveçrə İncəsənət və Elmlər Akademiyası; Belcika Kral Elm və Sənət Akademiyası; Elmlər Akademiyası, Fransa İnstitutu; Acatech – Milli Elm ve Muhəndislik Akademiyası (Almaniya); Max Planck Cemiyyeti (Almaniya); “Leopoldina” Alman Milli Elmlər Akademiyasi; Avstriya Elmlər Akademiyası; Macarıstan Elmlər Akademiyasi; Çex Elmlər Akademiyası; Latviya Elmlər Akademiyası; Estoniya Elmlər Akademiyası; Hind Elmlər Akademiyası; Pakistan Elmlər Akademiyası; İran İslam Respublikası Elmlər Akademiyası; İslam Dunyası Elmlər Akademiyası; İslam Tarixi, İncəsənəti və Mədəniyyətini araşdıran İslam Əməkdaşlıq Araşdırma Mərkəzi  (İstanbul, Türkiyə); Çin Muhəndislik Akademiyası; Milli Elmlər Akademiyası (Koreya Respublikasi); Yaponiya Akademiyası; Dünya Elmlər Akademiyası; Dünya İncəsənət və Elmlər Akademiyası. 

Təbrik məktublarından biri –  İsveçrə İncəsənət və Elmlər Akademiyasının Prezidenti Dr. Maurice Campagna`nın  məktubu iştirakçıların nəzərinə çatdırıldı:

 

Zati-aliləri1

Xanımlar və cənablar !

Hörmətli həmkarlar !

Avrasiya Akademiyasının açılışı münasibətilə təbrik göndərmək mənim üçün böyük bir şərəf və zövqdür. Təəssüf edirəm ki, bu vacib mərasimdə mən şəxsən iştirak edə bilmirəm. Buna səbəb 2016 – cı ilin əvvəlində mənim İsveçrə İncəsənət və Elmlər Akademiyasının  yeni  prezidenti kimi  səlahiyyətlərimin  başlamasıdır.

Bu gün Avrasiya Akademiyasının  yaranması çox vacibdir və böyük  perspektiv  vəd edir. Qurumun  yaranmasında əzm göstərən, müxtəlif ölkələrdən olan beş görkəmli şəxsiyyətin  rolu böyükdür. Mən şəxsən onlara və sizin hamınıza təhsil sahəsinə, tədqiqat və innovasiyalara yardım etmək üçün göstərdiyiniz bu cəhddə böyük uğurlar arzu edirəm.

 Sonda, ən əsası, bizim missiyamız akademik muxtariyyətin və azadlığın əhəmiyyətli olduğunu əks etdirir. Dövlətin elmi müəssisəyə müdaxiləsi rast gəlinən və uzaq olunması gərəkən ümumi bir təhlükədir. Bu nəcib məqsəd dünyanın, İsveçrə də daxil olmaqla, əksər milli konstitusiyalarının təməlini təşkil edir.

Bu fikirlərlə Bakıda sizin hamınızla xoş bir görüş arzu edirəm və Avrasiya Akademiyasının uğurlarının davamını  gözləyirəm.

 

Təbrik teleqramlarının elanı başa çatdıqdan sonra qonaqlara söz verildi. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Moldova Elmlər Akademiyasının Humanitar və İncəsənət Elmləri bölməsinin sədri Viktor Tsvirkun, TUBİTAKın, Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu başkan yardımcısı  Orxan Hasekioglu, Türkiye Sağlık Enstitüleri Başkanı və Turkiye Cümhüriyyətinin Milli Elmlər Akademiyasının  üzvü Fahrettin Keleştimur, Gürcüstan Milli Elmlər Akademiyasının üzvü Nodar Mıtagvarıa, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli çıxış etdilər.

Mərasimdə Avrasiya Akademiyasının qurucu üzvləri akademiyanın  ilk üzvünü seçdiklərini bildirdilər. Söz professor Hamlet İsaxanlıya verildi. O, ABŞ vətəndaşı Əli Cavanın üzv seçildiyini elan etdi və onun elmi fəaliyyəti haqqında məlumat verdi. Əli Cavan səhhəti ilə əlaqədar olaraq iştirak etmədiyinə görə “Avrasiya Əfsanəsi” kuboku və diplom rəmzi olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimai əlaqələr üzrə başçısı Stefen Qaysa təqdim olundu.

Xəzər Universiteti adından Avrasiya Akademiyasına hədiyyə  –   Xəzər Universiteti Mədəniyyət mərkəzində mərkəzin direktoru, xalçaçı rəssam Afaq Kərimovanın dizaynı və rəhbərliyi altında tələbə və müəllimlər tərəfindən hazırlanmış “Nizami xalçası” qurucu üzvlərə təqdim edildi.

Sonra Avrasiya Akademiyasının yaranmasında xidmətlərinə görə Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayevaya və Avrasiya Akademiyasının kubok və medallarının dizaynının müəllifi xalçaçı rəssam Afaq Kərimovaya təşəkkür elan olundu.

Beləliklə,  Azərbaycanın və müxtəlif ölkələrin görkəmli elm xadimlərinin iştirakı ilə tarixi hadisə  baş verdi: Avrasiya Akademiyası ictimaiyyətə təqdim olundu, fəaliyyətə başladı.

Avrasiya Akademiyasının rəsmi açılışı və “Avrasiya Əfsanəsi” kubokunun təqdim olunması mərasimi ölkə mediasında, həmçinin Türkiyənin TRT-1 və TRT avaz kanallarında geniş işıqlandırılmışdır.