Get Adobe Flash player

Robert Hossein

Azərbaycan əsilli görkəmli Fransalı aktyor, rejissor və yazıçısı Robert Hossein. Səmərqənddən olan atası Əmənulla Hüseynovun Özbəkistanda Sovet Hakimiyyəti qurulduqdan sonra mühacir həyatı başlayır. Bir müddət sonra Berlində rus mühacirin qızı Anna Minevskaya ilə evlənir, daha sonra Parisə köçür və gələcək aktyor 1927-ci ildə, dekabrın 30-da elə burada anadan olmuşdur. Əmənulla Hüseynov Parisdə Andre Hossein adı ilə bəstəkar və musiqiçi kimi fəaliyyət göstərmişdir.

Robertin atası bəstəkar idi, anası isə rus mühacirləri teatrında çıxış edirdi. Ailənin gəliri çox aşağı idi. Ailəsinə kömək etmək məqsədi ilə gənc Robert 12 yaşında ikən işləməyə başlamışdır. Yaradıcılıq fəaliyyətinə də çox erkən yaşlarından başlamışdır.

Ailəsinin maddi çətinliyinə görə Robert Hossein öz məktəbini dəfələrlə dəyişməli olur, bu səbəbdən o təhsildə bir o qədər uğur qazana bilmir. Lakin gələcək aktyor Rene Simon dram kursunda aktyorluq və rejissorluq sənətinə yiyələnir və “Qran qinol” teatrında çıxışlar edir.

Robert Hossein indiyə qədər 100-ə yaxın filmdə və tamaşalarda aktyor və rejissorluq etmişdir. Robert Hosseinin ilk film debütü 21 yaşında “Sarışınlar sahili” filmində olur. O qədər yaddaqalan rolu olmasa da Robert ruhdan düşmür və daha səylə çalışır. Çəkildiyi filmlər sırasında “Anjelika, Mələklər Markizası” (1964), “Düssedorfun Vampirləri” (1965), “Anjelika və Kral” (1966), “Anjelika və Sultan” (1968), “Aslanın payı” (1971), “Onlar və başqaları” (1981), “Sərgüzəşt” (1994) və başqa məşhur filmləri göstərmək olar.

Hossein tamaşaçıların yaddaşında ən çox 60-cı illərdə “Anjelika” seriyasından olan filmlərdə canlandırdığı  qraf de Peyrak obrazı ilə qalıb. Bu obraz təkcə tamaşaçıda yox, həm də aktyorda dərin iz buraxıb. Müsahibələrinin birində Hossein qeyd edib ki, qəbri üstündə Peyrak obrazının əksi olunmasını istəyərdi.

Robert Hosseini kinoaktyorluq karyerası ilə yanaşı eyni zamanda ssenarist və rejissor kimi də fəaliyyət göstərmişdir. Səhnələşdirdiyi bir çox filmlərdə həm də aktyor kimi çıxış etmişdir. Bu filmlər sırasında “Zalımlar cəhənnəmə gedir” (1955), “Ağ maşında sarışın” (1958),  “Bəxtsizlər” (1960),  “Qatilin ölümü” (1964), “Xaçsız qəbristanlıq” (1966),  “Rasputini öldürdüm” (1967), və sair fimləri göstərmək olar.

1970-cil illərdə Hossein özünü daha çox teatra həsr edir. O, 1970-79-cu illərdə Reymsdəki Milli Xalq teatrının rəhbəri kimi fəaliyyət göstərib. 1980-ci illərdə “Yuli Sezar”, “Səfillər”, “İsus adında adam” və bir sıra başqa məşhur əsərləri səhnələşdirib.

1982-ci ildə Hossein Hüqonun səfillər əsərini ekranlaşdırır. Alain Decaux ilə birlikdə yazdığı bu ssenariyə görə Robert Hossein Sezar mükafatında ən yaxşı ssenari müəllifi nominasiyasında nazmizəd olur. Film Hosseinə 1983-cü ildə 13-cü Moskva film festivalında kinoya verdiyi töhfələrə görə müsabiqənin xüsusi mükafatını qazandırır.

1994-cü ildə  Robert Hossein “Sərgüzəşt” (L’affaire) filmindəki roluna görə görə Konyak (Cognac) film festivalında ən yaxşı aktyor mükafatını qazanır.

2011-ci ilin 13 avqusutunda Robert Hosseinin “Marie adlı qadın” tamaşasını izləməyə 30 min adam gəlmişdi. Tamaşanın mətni Robert Hossein tərəfindən səsləndirilir. Tamaşanın necə ərəsəyə gəlməsi haqqında danışarkən Hossein belə demişdir: “2009-cu ildə Bazilika Notr-Dam de Monreal və Masabelin qəfil aşkarlanması ilə içimdə sanki daxili bir ildırım çaxdı və elə o anda bu gözəl məkanlarda bir tamaşa sənhələşdirməyə ehtiyac duyduğumu hiss etdim. 14 yaşlı Bernadette Soubirous-nın qarabasmasına səbəb olan bir insan freskası…Təsəvvürümdə Müqəddəs Məryəmin bu 14 yaşlı sadə və nəcib qıza İsanın faciəli həyatı haqqında elə yaşadığı kimi əzablı şəkildə danışması canlandı.”

Robert Hossein Bakını çox sevir. Ötən il Avropa oyunlarının açlışında Bakıya səyahət etmiş və məşəl daşıyanlardan biri olmuşdur

Robert Hossein sənəti tamaşaçını təkcə əyləndirmir, həm də düşündürür.